07/09/2024

Vəli Əlibəyov: “Azərbaycan beynəlxalq arenada oyunçuya çevrilir”

4 min read

http://www.gun.az/interview/18471

25 Oktyabr 2011

Gün.Az-ın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyovla müsahibəsi:

– BMT Baş Assambleyası 17 turluq səsvermədən sonra Azər­bay­canı növbəti iki il müddətinə Təhlükəsizlik Şurasının (TŞ) üzvlüyünə qəbul etdi. Bu qərarı necə şərh edərdiniz?

– İlk növbədə bunu Azərbaycan xarici siyasətinin nöbəti uğuru kimi hesab etmək olar. Səsvermə zamanı Avropa ölkəsi olan Sloveniyanı böyük fərqlə ötüb keçmək özü çox şeydən xəbər verir.

İkincisi, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsi barədə bütün dünyaya danışmaq və beynəlxalq problemlərin həllində daha sıx iştirak etmək üçün yeni və bununla belə daha nüfuzlu tribuna əldə etmiş oldu.

Yeri gəlmişkən, sonuncu, alternativsiz raund zamanı Azərbaycan seçilmək üçün 113 səs lazım olduğu halda 155 səs topladı.

Bu yaxşı nəticədir. Bu, Azərbaycanın öz maraqlarının təbliği sahəsində beynəlxalq qurumlar və ölkələrlə işləməyi öyrəndiyinin göstəricisidir. Düşünürəm ki, belə templə davam edəriksə, tezliklə BMT və digər beynəlxalq təşkilatların tribunasından Bakının Dağlıq Qarabağ üzərində yurisdiksiyasını beynəlxalq səviyyədə tanıtdırmış olarıq.

– BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, o cümlədən Rusiya qurumda Bakının təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən səsvermələr zamanı ənənəvi olaraq geri çəkilib və ya qarşı çıxıblar. Bəs indi Moskvanın bizim BMT TŞ-ya üzvlüyümüzə dəstək çıxmasını nə ilə izah edərdiniz?

– Təbii ki, bu, həm iki dövlət – Rusiya və Azərbaycan arasındakı mü­na­sibətlərdə, həm də ümumi götürəndə müsbət haldır. Bu, Azər­bay­ca­nın artan nüfuzunun göstəricisidir ki, bunu artıq digər ölkələr də qəbul edir.

Rusiyanın bu dəstəyini əsaslandıran bütün səbəblər barədə birmənalı danışmaq fikrində deyiləm, lakin ola bilsin ki, Moskva öz xarici siyasətində hansısa dəyişikliklər edir və bu dəyişikliklərdə Azərbaycana da hansısa qabaqcıl yerlərdən biri ayrılıb. Şübhəsiz ki, Rusiyanın BMT TŞ-da Azərbaycanı dəstəkləməkdə hansısa səbəbləri var. Düşünürəm ki, Rusiya ilə yaxınlaşma Bakı üçün faydalıdır.

– Azərbaycanın hətta qeyri-daimi əsasda belə BMT TŞ-ya üzvlüyü Ermənistanın bu qurumun Qarabağ üzrə qəbul etdiyi 4 qətnaməni yerinə yetirməsi üçün təsir mexanizmi ola bilərmi?

– Düşünmürəm ki, bu üzvlük Qarabağ münaqişəsinin həlli istiqamətində çox təsirli olsun. Bildiyiniz kimi, TŞ-da veto hüququna malik olan daimi üzv dövlətlər var. Bunlar əsasən beynəlxalq arenada sözü keçən dövlətlərdir.

Biz sizinlə Qarabağ münaqişəsində bir çox ölkələrin maraqlarının olması barədə əvvəl də danışmışdıq. Və mən hələ ki, hazırki mərhələdə münaqişənin həllinin həmin dövlətlərin maraqlarına cavab vermədiyini görürəm. Hətta problemin həlli hansısa ölkənin maraqlarına cavab versə belə, digərləri onun nizamlanmasına yol verməyəcəklər. Bu baxımdan mən düşünmürəm ki, Azərbaycanın BMT TŞ-da qeyri-daimi üzvlüyü dövründə biz Qarabağ münaqişəsinin nizamlanması üzrə hansısa əhəmiyyətli addımlar görək. Digər tərəfdən, Azərbaycan bu statusdan Qarabağ münaqişəsi üzrə öz mövqeyini, öz doğruluğunu səsləndirmək üçün tribuna kimi istifadə edə bilər. Başqa bir tərəfdən isə Azərbaycan beynəlxalq arenada oyunçuya çevrilir, yəni respublika bu statusu almaqla həmçinin geosiyasi problemlərin həllində iştirak üçün yeni status almış olur. Bu baxımdan bu Azərbaycana sərf edir.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir