12/09/2024

Vəli Əlibəyov: “Ermənistanın müttəfiqləri ciddi surətdə narahatdırlar”

4 min read

http://www.gun.az/interview/26138

13 Yanvar 2012

Gün.Az-ın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyovla müsahibəsi:

– Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin KİV-in yazdığına əsasən yanvarın sonlarında baş tutacaq növbəti görüşündən nə gözləyirsiz?

– Düşünmürəm ki, qarşıdakı görüş danışıqlar prosesinə nəsə yeni bir şey versin. Yenə də danışıqlar prosesi, Rusiyanın bu prosesdəki vasi­tə­çi­lik rolu imitasiya olunacaq. Bütün bunların hamısı Rusiyanın özünü əv­vəlki kimi bu münaqişənin həllində maraqlı olduğunu göstərmək istə­yin­dən irəli gəlir, baxmayaraq ki, onun hərəkətləri bunun əksini düşünməyə əsas verir.

– Bəs digər vasitəçilər barədə nə deyərdiniz?

– Eyni şeyi Birləşmiş Ştatlar, xüsusən də Fransa haqqında demək olar.
            – Deməli əminsiniz ki, növbəti və mahiyyət etibarilə Medve­de­vin Rusiya prezidenti kimi sonuncu sülhməramlı təşəbbüsü uğursuz ola­caq.

– Bu nöqteyi-nəzərdən mən düşünmürəm ki, prezidentlərin qarşıdakı görüşü nəsə versin. O, hardasa noyabr-dekabr aylarında Minsk qru­punun nə isə yeni təkliflər hazırladığına dair informasiya yayıldığı təq­dirdə, nəyəsə gətirib çıxara bilərdi. Lakin belə bir şey yoxdur və mən he­sab edirəm ki, Rusiyanın postundan gedən prezidenti vasitəçi-pre­zident rolu ilə vidalaşmaq üçün bu görüşü təşkil edəcək. Bu danışıqlar pro­sesinə yeni heç nə verməyəcək. Prezidentlər yenə görüşəcək, danış­a­caq, ola bilsin ki, hansısa bəyanat verəcək və bununla da hər şey başa çata­caq.

– Ümumiyyətlə, hər üç vasitəçinin öz erməniyönlü diplomatik davranışları ilə tanındığı bir halda danışıqlarda tərəqqi əldə etmək mümkündürmü?

– Təbii ki, yox. Və bu, Fransada “soyqırımı” və ABŞ-da M.Brayza ilə bağlı hadisələr baş verən zamanı məlum olmadı, bu əvvəldə aydın idi. ABŞ-a haradasa müəyyən ümidlər var idi, lakin təcrübənin də göstərdiyi kimi Vaşinqtonda hələ ümumilikdə Qafqaza və o cümlədən Azərbaycana görə Rusiya ilə münasibətləri korlamağa hazır deyillər. B.Obama yenə də yürütdüyü siyasətdə böyük səhvlər etməkdə davam edir, onlardan biri də Qafqazın diqqətdən kənarda saxlanmasıdır. Bu nöqteyi-nəzərdən, son vaxtlar baş verən hadisələrdən nəticə çıxarsaq, hər hansı irəliləyiş gözləməyə dəyməz.

Digər tərəfdən, daha bir nüansı qeyd etmək istərdim: bütün baş verənlər Ermənistanın müttəfiqlərinin ciddi təşvişə düşdüklərini deməyə əsas verir. Azərbaycanın dostu olan Brayzadan sonrakı səfirin namizədliyinin təsdiqlənməsinin ABŞ-da əngəllənməsi, Fransa tərəfindən həyata keçirilən diplomatik hərəkətlər, eləcə də Rusiyanın davranışları onu deməyə əsas verir ki, bütün bu ölkələr Azərbaycanın bölgədəki rolunun artmasından narahatdırlar, onun BMT-nin TŞ-na seçilməsindən təşvişə düşüblər. Bu səbəbdən də, Ermənistanın müttəfiqləri guya ki, Azərbaycanla Ermənistan arasında tarazlıq saxlamaq istəyirlər. Bu isə onunla nəticələnir ki, arxasında belə bir dəstəyin olduğunu görən Ermənistan heç bir güzəştə getmək belə istəmir.    

– Vasitəçilərin formatında dəyişikliklərə nail olunsa, necə olar? Yeri gəlmişkən, bu prinsip etibarilə mümkündürmü?

– Azərbaycan hələ ki bu məsələni qəti şəkildə qaldırmaq və vasitəçilərin Minsk qrupu formatından imtina etmək iqtidarında deyil, çünki o, özü-özlüyündə danışıqlar prosesinin tərəflərindən biridir. Və, tərəflərdən birinin Minsk Qrupunun xidmətlərindən imtina etməsi onun danışıqlar prosesindən üz çevirməsi kimi qiymətləndirilə bilər, eləcə də bu ölkəyə Rusiyanın, ABŞ-ın və Fransanın etimadının itməsi ilə nəticələnə bilər. Məhz bu üç ölkə, bildiyiniz kimi, dünyanın super gücləri hesab olunurlar. Bu nöqteyi-nəzərdən, Azərbaycana belə diplomatik davranışlar nüma­yiş etdirmək sərf etmir. Buna görə də, Azərbaycan ictimaiyyəti bu haq­da çoxdan danışsa da, hətta doğrudan da ədalətli mövqe nümayiş etdirsə də, Azərbaycan bu məsələni bu cür qoymaq niyyətində deyil.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir