21/06/2024

Xəzərin geosiyasi pasyansı

9 min read

“Azərbaycan  BU GÜN VƏ SABAH” jurnalı

2007 – № 1

Vəli Əlibəyov,

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti

20 ilə yaxın bir müddət ərzində həll edilməyən Qarabağ münaqişəsi keç­miş sovet ərazisində ən qanlı və mürəkkəb münaqişələrdən biri kimi tarixə düşüb. 1993-cü ildə əldə edilən atəşkəs rejimi birbaşa hərbi toq­quşmalara son qoya bilsə də, qanın tökülməsi və sülh razılığının əldə olun­masını təmin edə bilməyib. Bu gün demək olar ki, problemin həlli da­la­na dirənib – vasitəçilərin təklif etdikləri sülh təkliflərini tərəflər rədd edir­lər.

Lakin regionda son zamanlar baş verən hadisələr Qarabağ probleminin həlli istiqamətində köklü dəyişikliklərin olacağına işarə verir. Söhbət fövqəldövlətlərin Xəzər uğrunda girişdikləri mübarizənin həlledici mərhələsindən gedir.

Xəzər kimindir?

Əgər bir neçə əsr bundan əvvəl Xəzər ancaq ətrafındakı dövlətlər üçün maraq kəsb edirdisə, qloballaşan dünyada Xəzər başqa dövlətlər üçün də cazibədar olmağa başlayıb. Tarixə nəzər salsaq görərik ki, Xəzər də­nizində qeyd-şərtsiz hökmranlıq əvvəllər Rusiya imperiyası, sonradan isə Sovet İttifaqına məxsus olub. 1723-cü il sentyabr ayının 23-də Birinci Pyotr və İran səfiri İsmayıl bəy tərəfindən imzalanan Peterburq Traktatına əsasən Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiya imperiyasına verildi. Bu şərt sonralar da bağlanan Rəşt (1732-ci il), Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) sülh müqavilələrində də öz əksini tapmışdır. Rus imperiyasının süqutundan sonra da bu hal davam etdirildi. 1921 və 1940-cı illərdə bağlanan Sovet-İran müqavilələri İrana Xəzər dənizində hərbi donanma saxlamağa icazə vermirdi. Bütün bunlar onu sübut edir ki, Xəzər uğrunda mübarizə 1991-cı ilə qədər ancaq Rusiya və İran arasında gedirdi. Sovet İttifaqının süqutundan sonra bu mübarizəyə müstəqillik əldə etmiş Azərbaycan, Qazaxıstan və Türkmənistan da qoşuldular. Bu da ki, Xəzər dənizinin yeni hüququ statusu barədə sənədin qəbul edilməsi zərurətini meydana gətirdi. Lakin, çoxsaylı məsləhətləşmələr və görüşlər hələ də öz bəhrəsini verə bilməyib – de-yure olaraq Xəzər dənizinin hüquqi statusunu SSRİ ilə İran arasında bağlanılan müqavilələr tənzimləyir.

Xəzərin dəyəri

Xəzərin bölünməsi ilə bağlı danışıqların mahiyyətinə toxun­ma­yaraq Xəzərin geosiyasi dəyərinə nəzər salaq. Xəzərin geosiyasi dəyəri kimi ilk öncə onun yerləşdiyi məkandırsa, ikincisi mütləq şəkildə Xəzərin geniş enerji ehtiyatlarıdır (bu amillərdən hansının birinci, hansının ikinci olması barədə də mübahisələr mümkündür). Fars körfəzindəki qeyri-stabillik ABŞ və Avropanı öz enerji təhlükəsizliyini məhz Xəzərlə bağlamağa vadar edib. Bakı – Tiflis – Ceyhan neft kəməri, Bakı – Tiflis – Ərzurum qaz kəməri məhz bu qəbildən olan layihələrdəndirlər.

Lakin, hələ ki bu borularla axan neft və qaz təkcə Azərbaycana məxsus yataqlardan çıxarılır. Növbədə daha bir nəhəng layihə var ki, o da Xəzər dənizinin dibi ilə transxəzər qaz borusunun çəkilməsidir. Bu layihənin də reallaşdığı təqdirdə əsrlər boyu Xəzərin taleyini ikilikdə həll edən Rusiya və İran «oyundankənar vəziyyət»də qalacaqlar. Çünki, Xəzərin resursları onların iştirakı olmadan satılacaq və bu resursları satan ölkələr böyük  gəlirlər əldə edərək Rusiya və İranın təsir dairəsindən uzaqlaşa biləcəklər. Eyni zamanda, regionun enerji ehtiyatlarının Avropaya nəqli prosesindən kənarda qalan bu ölkələr həmçinin siyasi baxımdan da təsir imkanlarını itirmiş olacaqlar. Bu səbəbdən də həm Rusiya həm də İran ilk günlərdən bu layihələrin əleyhinə olmaqla yanaşı onların reallaşmasını əngəlləməyə çalışırdılar. Xəzərin yeni statusuyla bağlı danışıqların da uğurla başa çatmamasının əsas səbəblərindən biri də məhz bu amil olmuşdur.

Lakin o da qeyd olunmalıdır ki, İran və Rusiyanı təkcə ehtiyatların onların iştirakı olmadan satılması qıcıqlandırmır. Nəzərə alınmalıdır ki, ABŞ olmasaydı, bu ehtiyatları satan Xəzəryanı dövlətlərin heç biri belə bir layihələri öz maliyyə və siyasi imkanları hesabına həyata keçirə bilməzdilər. Bu da həmən ölkələrin İran və Rusiyanın təsir dairələrindən tədricən çıxıb ABŞ-ın təsir dairəsinə keçməsiylə müşayiət olunur. Bu isə, Xəzərdə hərbi donanma saxlamasa da Xəzərə nəzarəti ABŞ-a «hədiyyə» edir. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, ABŞ Xəzər uğrunda mübarizəyə ciddi önəm verir və özünün əsas rəqibləri olan Rusiya və İrandan daha üstün mövqeyə malikdir.

Xəzər pasyansı

ABŞ-ın Xəzərdəki aktiv siyasəti Rusiyanı seytnot vəziyyətə salıb. Rusiya prezidenti Vladimir Putinin may ayının əvvəllərində Orta Asiya dövlətlərinə təcili səfər etməsi də bunu bir daha sübut edir. Xəzərin əldən getməsini görən Rusiya əlində olan bütün təsir imkanlarından istifadə edib. Qazaxıstan və Türkmənistanı Rusiya ərazisindən keçən və gercəkləşməsi qeyri-real görünən qaz kəmərinin inşasına razı sala bilib. Bu qaz kəməri Türkmənistanın Xəzər sahili boyu çəkilərək Qazaxıstanın şimalındakı Orta Asiya – Mərkəz qaz kəməriylə birləşməlidir. Qeyd edək ki, bu layihə hələ 1967-ci ildə istifadəyə verilən Orta Asiya – Mərkəz qaz kəmərinin modernləşməsindən sonra mümkün ola bilər. Rusiyanın bu xərclərin hamısının öz üzərinə götürməsi yaxın gələcəkdə bu layihənin reallaşmasını şübhə altına alır. Belə ki, bu layihənin yaxın gələcəkdə işə düşməsi artıq indidən böyük maliyyə vəsaiti tələb edir. Və bəzi ekspertlərin müşahidələrinə görə, yaxın illər ərzinidə Rusiya bu məbləği ayırmaq iqtidarında olmayacaq. Bu reallığı layihəyə imza atan tərəflərin hamısı başa düşür. Bu baxımdan da Qazaxıstan və Türkmənistanın belə bir şübhəli layihəyə imza atmalarını onların bu layihəyə ciddi biznes və ya siyasi layihə kimi yanaşması kimi deyil, Rusiyanın “xətrinə dəymək” istəməmələri kimi yanaşmaq lazımdır. Bunu, Türkmənistan lideri Qurbanqulu Berdimühəmmədovun transxəzər boru xəttiylə bağlı dedikləri də sübut edir. Berdimühəmmədov Orta Asiyanı Türkiyəylə birləşdirəcək transxəzər boru xətti layihəsinin hələ də gündəlikdə qaldığı fikrini dilə gətirmiş, və bunu bütün dünyada qaz marşrutlarının diversifikasiya edilməsiylə əlaqələndirmişdir. Bütün bunlar bir daha onu göstərir ki, Rusiyanın Orta Asiyadakı mövqeləri get-gedə zəifləyir, və bunu görən region dövlətləri Xəzər uğrunda mübarizənin “qalibi” olan ABŞ-la əməkdaşlıq etməyə məhkumdurlar.

İranla münasibətlərdə də Rusiyanın işləri elə də uğurla getmir. İlk olaraq, bu ziddiyyət özünü Xəzərin hüquqi statusunun müəyyən­ləş­di­ril­mə­si zamanı biruzə verdi. İran Rusiyanın Xəzər dənizinin milli sektorlara bö­lün­məsi ideyasına qarşıdır. Xatırladaq ki, Xəzərin milli sektorlara bö­lün­məsi ideyası yeni deyildi və artıq 1970-ci ildə, SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən belə bir bölgü aparılmışdır. O zaman, Xəzər dənizi Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran sektorlarına bölünmüşdür. İran sektoru bu dövlətlə SSRİ-nin quru sərhədinə uyğun olaraq müəyyənləşdirilmişdi. Qeyd olunmalıdır ki, orta xətt prinsipi ilə aparılan bu bölgü beynəlxalq səviyyədə də qəbul olunmuşdu. Və bu gün də, Xəzərin hüquqi statusu barədə yeni sənədin qəbul edilməməsi üzündən tərəflər öz sərhədlərini 1970-ci ildə aparılan bölgü əsasında müəyyənləşdirirlər. Lakin, İranla Türkmənistanın mövqeyi bu məsələdə bir az fərqlidir. Onlar Xəzərin xəzəryanı dövlətlər arasında bərabər ola­raq, yəni 20 faiz prinsipi ilə bölüşdürülməsini istəyirlər. Orta xətt prinsipi ilə aparılan bölgü zamanı hamıdan az pay alan İranın, bu mövqe başa düşülsə də, Türkmənistanın mövqeyi anlaşılmazdır. Belə ki, əgər 1970-ci ildə həyata keçirilən sektorlara bölgüyə görə Türkmənistana Xəzər dəni­zin­dən təqribən 80 min kv. km. pay düşürdüsə, 20 faizlik prinsiplə böl­güdə bu göstərici cəmi 74 min kv. km. olacaq. Hər halda, Türkmənistan liderinin son addımları onu deməyə əsas verir ki, müəyyən güzəştlər nəticəsində Türkmənistan da Xəzərin orta xətt prinsipiylə bölünməsinə razılıq verəcək.

Nəticə

ABŞ-ın regiondakı uğuru təkcə onun fövqəldövlət kimi malik olduğu maliyyə və hərbi gücü ilə bağlı deyil. ABŞ-ı xəzəryanı dövlətlər üçün “maraqlı” edən əsas amillər – onun regiona gətirəcəyi təhlükəsizlik, demokratik institutlar və vətəndaş cəmiyyətlərinin inkişafı perspektivləri və əlbəttə ki, muasirlikdir.

Yuxarıda qeyd olunanlar onu göstərir ki, Xəzər uğrunda mü­ba­riz­ə­də Amerika Birləşmiş Ştatlarının mövqeyi daha üstündür. Və, bu üstün­lü­yün əldə edilməsində əsas rol Azərbaycana məxsusdur. Azərbaycan ABŞ-ın Xəzər siyasətinin əsas dayaqlarından biridir. Bunu ABŞ da gözəl başa dü­şür. Əks halda, Dövlət Departamentinin Ermənistanda 2006-cı ildə insan haqlarının vəziyyətiylə bağlı hesabatının əvvəlki mətninə qayı­dıl­ması mümkün olmazdı. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Azərbaycan vasitəsiylə Xəzərə “gələn” ABŞ öz müttəfiqi qarşısında müəy­yən öhdəliklər daşıyır. Bu günki Azərbaycan üçün əsas problem Qarabağ problemi olduğundan ABŞ-ın Xəzərə yiyələnəndən sonra bu problemin həllində Azərbaycana yardımçı olacağı istisna olunmur.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir