19/10/2024

Fransa ilə Rusiya arasında gizli anlaşma… – “Aeroport əməliyyatı” haqda sensasiyaFransa ilə Rusiya arasında gizli anlaşma… – “Aeroport əməliyyatı” haqda sensasiya

4 min read

“Telegram”ın rəhbəri Pavel Durovun Fransada həbs olunması beynəlxalq mediada hələ də müzakirə edilir. Onun həbsinin siyasi olduğu, hətta geopolitik mahiyyət daşıdığı deyilir.

Durovun həbsi Qərblə Rusiya arasında toqquşma kimi də yozulur. Rusiya rəhbərliyinin hadisəyə reaksiyası bu versiyanı gücləndirir. Bir çox yerli və xarici ekspertlər Durovun həbsinin Rusiyaya qarşı tələ olduğunu düşünür. Maraqlıdır, Fransa Durovu həbs edib, Rusiyadan nə almağa çalışacaq?

Ümumiyyətlə, “Telegram”ın qurucusunun azadlığı üzərindən hansı alver gedəcək?

Rusiya Prezidenti Vladimir Putin Fransalı həmkarı Emmanuel Makronla anlaşa biləcəkmi?

Bəlkə, Qərb Kremldən həbsxanada ölən rusiyalı müxalifət lideri Aleksey Navalnının qisasını alır?

Mövzunu Globalinfo.az-a şərh edən Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq Vəli Əlibəyov deyib ki, Pavel Durovun Fransada saxlanılması barədə çoxsaylı fikir və fərziyyələr səslənir.

Onun fikrincə, Fransa prokurorluğunun yaydığı məlumat və bəyanatlar əsasında saxlanmanın rəsmi versiyası barədə məlumat almaq olur:

Vəli Əlibəyov

“Bu məlumatlara inansaq, Durovun üzləşdiyi ittihamlar 12 epizodu əhatə edir. Bura dövlət orqanlarına məlumat verməkdən imtina, fırıldaqçılıq və narkotiklərin yayılması, uşaqların pornoqrafik materiallarının saxlanması və yayılması, çirkli pulların yuyulması, digər cinayətlər daxildir. Lakin P.Durovun bu işdəki statusu hələ də qeyri-müəyyəndir və o, həm şübhəli, həm də şahid statusunda ola bilər”.

Politoloq deyib ki, ittihamların əsas aspektlərindən biri “platformanın cinayət məqsədli istifadəsinin qarşısının alınmaması”dır:

“Bu, “Telegram” platformasında kontentin kifayət qədər moderasiya edilməməsi və dövlət orqanları ilə əməkdaşlıq etməmək ittihamları ilə bağlıdır. Əlbəttə, beynəlxalq münasibətlər müstəvisində son illər baş verən hadisələr, Qərb-Rusiya qarşıdurması bu versiyaya inamı azaldır, bəzi ekspertlər Durovun saxlanılmasını siyasi aspektlərlə əlaqələndirirlər. İş o yerə çatıb ki, hətta Fransa prezidenti Emmanuel Makron Durovun həbsinin siyasi qərar olmadığı barədə mövqe bildirməli olub”.

Vəli Əlibəyovun dediklərinə görə, Pavel Durovun həbsi ilə Fransanın bəzi hüquqi və siyasi məsələləri həll etməyə çalışdığı açıq görünür:

“Məsələn, Fransa böyük bazaya malik “Telegram” platformasından müvafiq məlumatların əldə edilməsini təmin etmək istəyə bilər. Buna nail olmaq üçün Paris Durovun şirkətinin digər cinayətlərin araşdırılmasında rol oynadığını iddia edərək, onu beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb etməyə çalışır. Durovun azadlığı üzərindən alver məsələsinə gəldikdə, siyasi və hüquqi aspektləri nəzərə almaq lazımdır. Məsələn, Fransa, Pavel Durovun azadlığı qarşılığında “Telegram” kanalı üzərində beynəlxalq nəzarət məsələsini tələb edə bilər”.

Image

24 avqust 2024-cü il. Pavel Durov axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb

Politoloq deyib ki, Durovun saxlanılması Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasətinin tərkib hissəsi kimi qəbul olunmalıdır:

“Sanksiyalar məsələsində Qərb Rusiya ilə hər hansı anlaşmaya getmir. Konkret olaraq, Putin və Makron arasında anlaşmanın olub-olmaması bir çox amillərdən asılı ola bilər. Rusiya əvvəlki təsir rıçaqlarını itirdiyinə görə anlaşmanın daha çox Fransanın tələbləri əsasında baş tuta biləcəyi təsəvvürü yaranır. Lakin Putinin güzəştlərə meylli siyasətçi olmadığını nəzərə alaraq Durov ətrafında hansısa anlaşmanın ola bilməsi şübhə doğurur”.

Vəli Əlibəyovun sözlərinə görə, Navalnı sağ olsaydı, Qərb Durovdan onun azadlığa buraxılması üçün istifadə edə bilərdi:

“Qərb Kremldən Navalnının qisasını alır” kimi fərziyyələrə gəldikdə, qeyd edilməlidir ki, Qərb dövlətləri üçün əsas öz maraqlarıdır, konkret şəxslərin aqibəti də onları məhz bu prizmadan maraqlandıra bilər. Navalnı sağ olsaydı, Qərb Durovdan onun azadlığa buraxılması üçün istifadə edə bilərdi. Aleksey Navalnı həyatda olmadığı halda Qərb Navalnının cəsədi üzərindən hər hansı qarşıdurmaya getməz”.

Zaira Akifqızı

https://globalinfo.az/fransa-ile-rusiya-arasinda-gizli-anlasma-aeroport-emeliyyati-ile-bagli-sensasion-iddialar

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir