27/05/2024

Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir – RƏY

4 min read

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində olduğu kimi, beynəlxalq nüfuzlu tədbirlərdə iştirakı bizim üçün adiləşsə də, hər belə səfərin arxasında bilinən və bilinməyən məsələlər var. Prezidentin son səfərinin aşkar tərəflərindən biri odur ki, Azərbaycan dünyanı düşündürən aktual problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı müzakirələrin mərkəzində yer alır və əsas tərəflərdən birinə çevrilməkdədir. Bu proses Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçimindən başlayıb. Əgər bundan əvvəl Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, zəngin təbii enerji resurslarına malik bir ölkə kimi tanınırdısa, artıq ölkəmiz nəhəng yaşıl enerji layihələri üzərində fəal şəkildə işləyən bir ölkə kimi də gündəmdədir. 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən Azərbaycanda bu il ərzində 1300 meqavat Günəş və külək enerjisi istehsal etmək imkanını yaradacaq elektrik stansiyalarının inşasına başlamağı planlaşdırılır. 2027-ci ilin sonuna qədər isə Azərbaycan 2000 meqavat Günəş və yaşıl enerji istehsal etmək imkanına malik olacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq Vəli Əlibəyov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirdiyi kimi, 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək.

“Xarici tərəfdaşlarımız gözəl başa düşürlər ki, ərazilərini işğaldan azad edən, işğalçılar tərəfindən viran edilmiş bu torpaqlarda misli görünməmiş tikinti-bərpa işləri həyata keçirən Azərbaycanın, eyni zamanda, COP29 kimi nəhəng tədbirə ev sahibliyini üzərinə götürməsi ölkənin geniş potensialının, həmçinin etibarlı tərəfdaş olmasının göstəricisidir. Bir faktı da qeyd edək ki, Prezident İlham Əliyev bu səfərə işğaldan 2020-ci ilin oktyabrında azad edilən, bir ilə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanından yola düşmüşdü. Bu, özlüyündə rəmzi məna daşısa da, Azərbaycanın tükənməz potensialından xəbər verir. Səfərin digər müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycan “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti tribunasından öz mövqeyini və mesajlarını geniş ictimaiyyətə çatdırmaq üçün növbəti imkan əldə etmiş oldu. Prezident İlham Əliyevin çıxışını təhlil etsək görərik ki, o, qısa nitqində Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, ölkənin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, yaşıl enerjiyə keçid istiqamətində gördüyü işlər və digər işlər barədə ətraflı məlumat verməyə müvəffəq oldu”, – deyə politoloq qeyd edib.

V.Əlibəyov Petersberq İqlim Dialoqu və ya COP kimi tədbirlərin ekoloji mahiyyət daşısa da, mühüm siyasi və geosiyasi aspektlərə malik olduqlarını da vurğulayaraq deyib: “Belə tədbirlərdə iştirak, xüsusilə onlara ev sahibliyi etmək dövlətlərə beynəlxalq statuslarını möhkəmləndirməyə, başqa ölkələrlə diplomatik münasibətlərin yaxşılaşdırılmasına və əlavə dəstək əldə etməsinə kömək göstərir. Bu baxımdan, “15-ci Petersberq İqlim Dialoqu” tədbirinə ev sahibliyi edən Almaniya COP29-u keçirəcək Azərbaycan birlikdə dünyanın ekoloji gündəmini müəyyənləşdirən dövlətlər kimi çıxış etdilər. Digər tərəfdən Qafqazda maraqları olan Almaniya Azərbaycana önəm verməklə buradakı maraqlarının təmin edilməsinə çalışır. Ənənəvi rəqibi Fransadan fərqli olaraq, Almaniya Azərbaycanı seçməklə Qafqaza daha qısa və etibarlı açar əldə edir. Almaniya ilə tərəfdaşlıq Azərbaycan üçün Avropada maraqlarının təmin edilməsi baxımından olduqca vacibdir. Bütün bunlar onu göstərir ki, Almaniya Azərbaycanı beynəlxalq aktor kimi qəbul edir, ona etimad göstərir və strateji məsələlərdə ölkəmizlə əməkdaşlıqdan çəkinmir. Ümumiyyətlə, müasir beynəlxalq münasibətlərdə ekoloji layihələr bu sahədə problemlərin həllinə yönəlsə də, dövlətlər onlardan öz strateji məqsədlərinə çatmaq üçün siyasi alətlər kimi də istifadə edir. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 25-26-da Almaniyaya səfərini ölkəmizin uzunmüddətli strateji məqsədləri üçün olduqca mühüm amil kimi qiymətləndirmək lazımdır”.

https://azertag.az/xeber/almaniya_azerbaycani_beynelxalq_aktor_kimi_qebul_edir___rey-2978713?fbclid=IwZXh0bgNhZW0CMTAAAR1xa_qVbJBXW_ASUl2OEGZC2wdSrpoEiNSFF-W-fFaYs9kVh7Ur1Yv4_z8_aem_AeSKR9JIxf-u2qo-3ZRvzxiAaxF3rHh0QgPUHAFatVGhGr5NyB0xlVfeexEmvOriIHQfFDTICzRocQiPNYyAa4Yu

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir