27/05/2024

Seçkidə İlham Əliyevə qalib gələ biləcək rəqib kimdir? – Ona uduzmaq da qələbə sayılır

4 min read

Növbədənkənar prezident seçkilərinin elan edilməsinin ardınca mövzu ictimaiyyətdə geniş müzakirə edilir. Xüsusilə tez-tez səslənən bir fikir də indiki məqamda İlham Əliyevlə rəqabət aparmağın asan olmamağıdır. Bəzi ekspertlər hesab edir ki, seçkidə onun alternativi olmaq çox çətindir. Xüsusilə 44 günlük müharibədən sonra hazırkı prezidentə qarşı seçkilərdə rəqib olmaq asan görünmür.

Maraqlıdır, belə halda rəqiblər nə düşünür? Seçki yarışına girmək, yoxsa müxtəlif bəhanələrlə yayınmaq?

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov deyib ki, əvvəlki prezident seçkilərinə nəzər salsaq görərik ki, elə o seçkilər zamanı da İlham Əliyevə alternativ olanlar ciddi nəticə göstərə bilməyiblər:

“Hazırkı şəraitdə isə Vətən müharibəsinin qalibi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş İlham Əliyevlə prezident kürsüsü uğrunda mübarizə aparmaq həqiqətən də qeyri-real görünür. Siyasi texnoloq kimi əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyev bu seçkilərdə iştirak etmək barədə qərar verərsə, o, seçki kampaniyası keçirmədən belə elektoratın səslərinin mütləq çoxluğunu asanlıqla qazanacaq. O ki qaldı ona alternativ olanların düşüncələrinə, namizədliyini irəli sürənlərin əksəriyyəti seçkidə qələbə üçün iştirak etmir. Bu tək Azərbaycanda yox, bütün dünyada belədir. Siyasətçilər seçki prosesinə qoşulmaqla bəzi məqsədlər güdürlər.

Bunlardan biri siyasətçinin populyarlığının artmasıdır. Seçki prosesində iştirak siyasətçini cəmiyyətə daha yaxından tanıdır, onun adı, soyadı, siması bütün elektoratın yaddaşında həkk olunur, seçki prosesi zamanı bu şəxslər medianın diqqət mərkəzində olurlar. Bu amil əsasən gənc siyasətçilər üçün vacib olsa da təcrübəli siyasətçilər də seçki prosesinə qoşulmaqla elektorata mövcudluğunu göstərmək istəyirlər.

Növbəti məqsəd seçki prosesi zamanı özünün və ya partiyasının ideyalarını daha geniş kütlələrə çatdırmaqdır. Məğlub olacaqlarını bilsələr də onlar prosesdən ideyalarının, partiyasının populyarlaşması üçün istifadə edirlər.

Bəzən şansı olmayan namizədlər seçkidə iştirak etməklə onlara çox səs qazandıra biləcək gözlənilməz hadisəyə ümid edirlər. Azərbaycanın seçki praktikasında belə hallara rast gəlmək olar.

Vəli Əlibəyov

Bəzi namizədlər seçkidə iştiraka sınaq kimi yanaşırlar. Seçki prosesində iştirak etməklə onlar həm özlərinin, həm də komandasının hazırlıq səviyyəsini yoxlayır, zəif və güclü tərəflərini müəyyən edir. Bütün bunlar onlara növbəti seçkilərə daha hazırlıqlı olmaq imkanını yaradır”.

Vəli Əlibəyov bildirib ki, bəzən seçkidə iştirak namizədə əlavə maliyyə vəsaitinin cəlb ediməsi baxımından da maraqlı ola bilər:

“Ümumiyyətlə, hər bir siyasətçinin seçkidə iştirakla bağlı öz şəxsi motiv və məqsədləri ola bilər. Azərbaycanda prezident seçkilərində İlham Əliyevə alternativ olanlar yəqin ki, bu yolla həmçinin adlarının yeni tarixə düşməsini istəyirlər.

Ekspert seçki prosesindən yayınanlar haqda isə bunları deyib:

“Burada da müxtəlif səbəblər göstərmək olar. Birincisi, siyasətçi seçkilərdə şanslarının aşağı olduğunun fərqindədir və yuxarıda qeyd etdiyim üstünlüklərin heç biri onu maraqlandırmır.

İkincisi, siyasətçi çıxışlarında seçki keçirilərsə elektoratın mütləq əksəriyyətinin səsini toplayacağına əminliyini bildirir, lakin dediklərinin reallıqdan uzaq olduğunun da fərqindədir. Belə olan halda, seçkidə iştirak edərək məğlub olması onun “nüfuzu”na ciddi zərbə vuracağından, o, seçkilərdə iştirakdan müxtəlif bəhanələrlə yayınır.

Üçüncüsü, siyasətçi seçki prosesindən heç bir resursu olmadığı halda yayınır. Qarşıdakı seçkidə biz yuxarıda qeyd etdiyim hər bir namizəd tipi ilə qarşılaşacayıq”.

Turan Rzayev
https://globalinfo.az/seckide-ilham-eliyeve-qalib-gele-bilecek-reqib-kimdir-ona-uduzmaq-da-qelebe-sayilir/#!

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir