27/05/2024

Pompeo “Rusiyanı yerində oturtmaq lazımdır”, deyir – ABŞ və Rusiya arasında “dəmir pərdə” asılır?

6 min read

Vəli Əlibəyov: “Putinin yuxudan ayılarkən SSRİ-ni bərpa etmək barədə düşünməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun ancaq dünən ağlına gəlməsi böyük faciədir. Putin bu barədə 2000-ci ildən, Rusiya Prezidentinin vəzifələrini icra etdiyi andan düşünür”

Tramp və Putinin cəhdlərinə baxmayaraq, ABŞ və Rusiya arasında qarşıdurmanın miqyası daha da böyüyür. Hətta Trampın komandasında belə anti-Rusiya meyləri getdikcə artmaqdadır. Artıq demək olar ki, iki ölkə arasında soyuq savaş bütün sahələri əhatə edir. 

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru  (MKİ) Mayk Pompeo dünən Vaşinqtonda etdiyi çıxışında bildirib ki, ABŞ bütün sahələr üzrə Rusiyaya qarşı durmalııdır. “Putin hər gün yuxudan ayılırkən SSRİ-ni bərpa etmək barədə düşünür”, deyə MKİ direktoru sözlərini əsaslandırmağa çalışıb. Vaşinqtonda çıxışı zamanı Pompeo Putinin yürütdüyü siyasətin ABŞ-a təhlükə olduğuna diqqət çəkib:  “Bizim Vladimir Putinin niyyətləri ilə bağlı qiymətləndirməmiz dəyişməyib. O, hesab etməyə davam edir ki, Sovet İttifaqının dağılması XX əsrin ən böyük faciəsi idi. O, SSRİ-ni keçmiş böyüklüyünə və şöhrətinə qaytarmaq niyyətindədir. Putin hər gün bu fikirlərlə oyanır, yenidən seçilmə onun ikinci fikridir”. 

Amerikanın kəşfiyyat şefi həmçinin bildirib ki, Rusiyanın hərəkətlərinə qarşılıq vermək və onu yerində oturtmaq lazımdır. Pompeo bu sözlərini izah etməyib. 

Qeyd edək ki, ABŞ-ın yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında Rusiyanı özünə qarşı əsas beş təhlükədən biri hesab edir. Bu isə onu deməyə əsas verir ki, yaxın on il müddətində ABŞ-la Rusiya arasında qarşıdurma ən üst səviyyədə davam edəcək. Bu qarşıdurmanın hərbi yolla bitməsi az ehtimal olunsa da, qarşıdurmanın iki ölkə arasındakı bütün əməkdaşlıq sahələrinə sirayət edəcəyi şübhə doğurmur.

ABŞ və Rusiyanın qarşıdurması yaxın illərdə dünyaya nə vəd edir və bu qarşıdurmanın sonucunda Rusiya indiki mövqelərini qoruyub saxlamağa, ya da daha çoxböyütməyə qadirdirmi? Trampın prezidentliyi dönəmində iki ölkə arasında münasibətlərin normallaşması mümkündürmü, yoxsa iki dövlət arasında “dəmir pərdə” asılacağı gün yaxınlaşır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasov və Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, politoloq  Vəli Əlibəyovun fikirlərini öyrənib.

Vəli Əlibəyov: “Qarşıdurma son nəticədə ya Rusiyanın mövqelərindən geri çəkilməsi, yaxud da Rusiyada nəhəng  sosial partlayışla nəticələnəcək”.

Tramp dönəmində ABŞRusiya münasibətlərində normallaşmanın olmayacağını bildirən politoloq Vəli Əlibəyova görə, iki ölkə arasındakı gərginliyin əsas səbəbi Rusiyanın  SSRİ-ni yenidən bərpa etmək istəyidir:

“Putinin yuxudan ayılarkən SSRİ-ni bərpa etmək barədə düşünməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun ancaq dünən ağlına gəlməsi böyük faciədir. Putin bu barədə 2000-ci ildən, baş nazir olaraq Rusiya prezidentinin vəzifələrini icra etdiyi andan düşünür. Onun çıxışlarını, atdığı addımları, verdiyi qərarların adi bir təhlili bunu görmək üçün kifayət edərdi. 

Mən hələ Rusiya himnini SSRİ himni ilə əvəzləməsini demirəm. MKİ vaxtında buna vaxtında ciddi diqqət yetirsəydi, bəlkə də Gürcüstana, Ukraynaya qarşı olan təcavüzlər olmazdı, Qarabağ işğaldan azad olunardı. Həqiqətən də bu gün şimal qonşumuz Rusiya imperiyasının bərpası barədə düşünür və bu istiqamətdə müəyyən işlər görür. Belə bir niyyət tək Rusiyaya qonşu olan dövlətlər üçün yox, ümumiyyətlə, bütün dünya üçün təhdiddir. ABŞ ilə Rusiya arasında müşahidə etdiyimiz gərginliyin də əsas səbəbi budur.

Bu qarşıdurmadan kim qalib, kim məğlub çıxacaq sualına cavab vermək üçün tərəflərin bu qarşıdurmaya hansı resurslarla qatıldıqlarına baxmaq lazımdır. ABŞ tərəfində güclü iqtisadiyyat və ordu, müasir texnologiyalar və s. varsa, Rusiyanın bu qarşıdurmada əsas silahı imperiya düşkünü olan xalqı  və qonşu dövlətlərdəki 5-ci kolonlarıdır. 

Vəli Əlibəyov: “Rusiyanın bu qarşıdurmada əsas silahı imperiya düşkünü olan xalqı  və qonşu dövlətlərdəki 5-ci kolonlarıdır”.

Son illər Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar ölkənin iqtisadiyyatına ciddi təsir edib. Bu sanksiyalara rəvac verən Kremlin siyasi ambisiyaları Rusiyanın biznes elitasının da narazılığına səbəb olur. Bu yaxınlar da  sanksiyaların daha da sərtləşdiriləcəyi xəbəri də yayıldı. Bu da narazıların sayının artmasına gətirib çıxaracaq. Düşünürəm ki, qarşıdurma son nəticədə ya Rusiyanın mövqelərindən geri çəkilməsi, yaxud da Rusiyada nəhəng  sosial partlayışla nəticələnəcək. Mövqelərinin qorunması və hətta artırılmasından isə söhbət belə gedə bilməz.

ABŞ və Rusiya arasında “dəmir pərdə” demək olar ki, artıq salınıb. Trampın dövründə münasibətlər daha da gərginləşəcək. Trampı bir çoxları bəyənməsələr də, o, ABŞ kimi bir dövlətdə uğurlu bir biznes imperiyasını qurmağa müvəffəq olan bir şəxsdir. Yetərincə iddialı, soyuqqanlı, öz maraqlarını bilən və bu maraqlar naminə vuruşmağı bacaran bir prezidentdir. ABŞ cəmiyyətində onun bacarıqsız biri olması barədə fikirlər Trampı daha sərt olmağa, seçkiləri Rusiyanın köməyilə qazanması iddiaları isə Rusiyaya qarşı barışmaz mövqe tutmağa vadar edir. Tramp siyasətçi olmadığından diplomatik ənənələrə riayət etməyib istəklərini birbaşa bildirməyə və onların həyata keçirilməsi üçün birbaşa hərəkətə keçməyə üstünlük verən bir şəxsdir. Bu baxımdan  Trampın prezidentliyi dönəmində Rusiya ilə münasibətlərin normallaşmasını gözləmək düzgün olmazdı”.

https://poliqon.info/-233210-xeber.html

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir