07/09/2024

Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən platformaya çevrilib ŞƏRH

5 min read
Cənub Qaz Dəhlizi

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycanın enerji ehtiyatlarının nəqli sahəsindəki aktivliyi hər zaman bədxahların qısqanclığı ilə müşayiət olunub. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısından sonra “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi şayiələr daha da artmışdı və bu şayiələrin əsas məqsədi Avropa ölkələrini və investorlarını Azərbaycanla əməkdaşlıqdan çəkindirməyə xidmət edirdi. Lakin Azərbaycan elə o zaman da bildirirdi ki, ölkənin nəhəng qaz yataqları var və bu həcm Avropanın qaza olan ehtiyaclarını ödəyə bilər. Belə də oldu. Üstündən cəmi 10 il keçməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi artıq beynəlxalq əməkdaşlığın unikal formatını əks etdirən bir platformaya çevrilib. Bu platformada təmsil olunan dövlətlər, şirkətlər və maliyyə institutları arasında əməkdaşlıq illər ərzində bir çox digər sahələri də əhatə edə bilib. Bu faktı martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Albaniyanın Baş naziri Edi Rama da qeyd etdi.

Bu fikirləri Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, beynəlxalq məsələlər üzrə ekspert Vəli Əlibəyov AZƏRTAC-a Cənub Qaz Dəhlizi layihəsinin uğur hekayəsindən danışarkən deyib.

O, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək qlobal və uğurlu bir layihə olduğunu bildirib. Ekspert deyib ki, Azərbaycan tərəfi enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edib, şaxələndirmənin vacibliyini vurğulayıb və bunun tək marşrutlara deyil, həm də mənbələrə şamil edilməsinin tərəfdarı olub. Dünyadakı hazırkı geosiyasi vəziyyət də Azərbaycanın haqlı olduğunu göstərir. Bu gün Cənub Qaz Dəhlizinə bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı da yeni mənbədir.

“Azərbaycan nəhəng qaz ehtiyatlarına malik ölkə olduğunu hər zaman bəyan edib. 2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı baş verdi. “Abşeron” qaz-kondensat yatağı “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarına malik yataqdır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyev “Abşeron” qaz-kondensat yatağının gələcək şaxələndirmə layihələrin resurs bazasını təşkil edəcəyini qeyd etdi. Dövlətimizin başçısı, həmçinin bildirdi ki, “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib və orada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun da böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı da gözlənilir. Ekspertlərin rəylərinə görə, bu, çox böyük ehtiyata malik ümidverici strukturdur. İlkin mərhələdə, hasilatın təqribən yarım milyard kubmetr olacağı, ancaq bir neçə il ərzində bu rəqəmin 3-4 dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan tərəfi “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarını da açıqlayıb və bildirib ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”, – deyə V.Əlibəyov vurğulayıb.

Cənub Qaz Dəhlizinin Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olduğunu qeyd edən ekspert əlavə edib: “Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.

Dövlətimizin başçısı dünənki çıxışında, həmçinin qeyd etdi ki, Cənub Qaz Dəhlizinə qoşulmaq üçün bir neçə ölkə və maliyyə institutlarından müraciətlərə baxılır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir. Çünki bu vaxta qədər hələ elə bir hal olmayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsin. Yəni, Azərbaycan hər zaman, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, sözünün imza qədər dəyərli olduğunu sübut edib. Azərbaycanın etibarlı tərəfdaş olduğunu iclasda çıxış edən başqa yüksək xarici qonaqlar da qeyd ediblər. Albaniyanın Baş naziri Edi Rama Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyini qeyd edərək Azərbaycanın hər zaman etibarlı tərəfdaş olduğunu bildirib. Bundan əlavə, Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson da çıxışında 2020-ci ildə Avropada bəzilərinin Cənub Qaz Dəhlizinin artıq başa çatmış bir missiya olduğu barədə düşüncələrini xatırladaraq vurğulayıb ki, o həmin düşüncələrin əksinə, hər zaman Azərbaycanın etibarlı tərəfdaş olduğunu və ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirdi”, – deyə ekspert qeyd edib.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir