21/04/2024

Qarabağ erməniləri ilə təmas və BEYNƏLXALQ PİAR: “Azərbaycan həmin mərkəzlərə nümayiş etdirməlidir ki…” – ŞƏRH

2 min read

“Azərbaycan bununla nümayiş etdirdi ki, ümumi siyasətini, kimlərlə necə kommunikasiya qurmağı istisnasız olaraq özü müəyyənləşdirir”.

Bu fikirləri Azərbaycan rəsmilərinin ötən gün Qarabağdakı erməni əsilli vətəndaşlarla ilk təmasının beynəlxalq ictimaiyyətə çatdırılması işinin təşkili haqda danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bu görüşlə bağlı informasiyalar Qərbdə Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərə də ötürülməlidir:

“Düzdür, dünən baş tutan görüş haqqında yerli mətbuatda, eləcə də bizim xarici dillərdə yayımlanan mediada informasiyalar verildi. Ancaq açıq deyək ki, qeyd olunan hadisənin piarı baxımından, bunun yetərli olduğunu söyləmək çətindir. Çünki həmin görüş barəsində məlumatın bizdə yayımlanması ilə yanaşı, xarici ölkələrin mətbuatında da yayımlanmasına diqqət yetirilməli idi. O baxımdan, məlum hadisənin beynəlxalq piarı ilə bağlı danışmaq tezdir.

Sırf həmin görüşün mahiyyətinə gəldikdə isə, bu, həqiqətən də, çox əhəmiyyətli məsələdir və onun beynəlxalq təqdimatı yüksək səviyyədə olmalıdır. Çünki bu, ötən əsrin 80-ci illərinin sonlarından bu yana ilk dəfədir ki, Azərbaycan öz erməni əsilli vətəndaşları ilə hansısa tərəflərin iştirakı ilə yox, birbaşa təmas qurmağa başlayıb. Eyni zamanda onu da nəzərə alaq ki, bu təmas Rusiya xarici işlər nazirinin Bakıya səfərindən dərhal sonra baş tutdu.

Yəni Azərbaycan bununla nümayiş etdirdi ki, ümumi siyasətini, kimlərlə necə kommunikasiya qurmağı istisnasız olaraq özü müəyyənləşdirir və lazım bildiyi vaxtda erməni əsilli vətəndaşları ilə də ünsiyyət qurmağa qadirdir. Həmçinin bu informasiyalar Qərbdə Azərbaycan əleyhinə fəaliyyət göstərən mərkəzlərə də ötürülməlidir ki, Bakının öz erməni vətəndaşları ilə kommunikasiyadan nəinki yayınmadığını, əksinə, bu istiqamətdə konkret addımlar atdığını göstərsin. Bununla belə, Azərbaycan haqqında danışılan məsələdə hər hansı spekulyasiyadan istifadə edilməsinə də imkan verməyəcəyini diqqətə çatdırmalıdır”.

A.Zeynalov

https://yenicag.az/?p=518431

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir