Vəli Əlibəyov: “Ölkədə rəsmi olaraq 58 siyasi partiya mövcud olsa da, onların böyük əksəriyyəti 1 sədr və ən yaxşı halda 10-15 qohum-üzvlərdən ibarətdir…”
11 min readDünyada baş verən hadisələri şərh edən icmalçıların sayı nə qədər çoxdursa ölkəmizin daxili siyasətinin aspektlərini geniş auditoriya üçün izah edəcək mütəxəssislərin sayı o qədər azdır. Azərbaycanda siyasi partiyalar sisteminin hazırki durumu, partiyalar arası münasibətlər, siyasi mübarizə, transferlər (bu təkcə futbolda olmur, siyasətdə də transferlər adi haldır), siyasi liderlərin aktivliyi və passivliyi, partiyaların ideoloji baxımdan fərqliliyi və s. bu kimi məsələlər sosiumun diqqətindən kənarda qalmaqdadır. Səbəb nədir? Bu və başqa suallarla Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyova müraciət etdik.
- Siyasi texnoloq kimi daxili siyasi prosesləri necə görürsünüz? Siyasi mübarizə mühiti varmı?
- Siyasi mübarizə həmişə olub, var və olacaq. Və, buna normal yanaşılmalıdır. Çünki, məhz siyasi mübarizə cəmiyyətin inkişafının katalizatorudur. Azərbaycanda da siyasi mübarizə var, vaxtaşırı bu mübarizə kəskinləşir, məsələn, seçki dönəmində, bəzən səngiyir, bəzən bəzi siyasət aktorlarının səyləri nəticəsində sivil məcradan kənara çıxır. Bu, demokratik dövlətlərin hamısına xas adi bir haldır. Siyasi mübarizə varsa deməli bunu mümkün edən siyasi mühit də mövcuddur. Son illər bu mühit daha da əlverişli olub, siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır, partiyalar ofislərlə təmin olunurlar, partiya liderləri yüksək səviyyədə qəbul olunur, dinlənirlər. O ki qaldı birinci suala, bir siyasi texnoloq kimi siyasi proseslərin daha dinamik olmasını istərdim. Dinamik deyərkən partiyaların daha aktiv olmalarını, cəmiyyətlə kommunikasiyalarının daha səmərəli olmasını, daim inkişafa can atmalarını, siyasi liderin özünün şəxsən, partiya rəhbərliyində təqdim olunan şəxslərin və aparatında çalışan əməkdaşların öz üzərində işləmələrini, qanunverici təşəbbüslərlə çıxış etmələrini, cəmiyyət üçün aktual məsələlərə dair ortaya mövqe qoymalarını və s. nəzərdə tuturam.
- Siyasi liderlərin və partiya rəhbərliyində təmsil olunan şəxslərin öz üzərinə daim işləmələri məsələsinə toxundunuz. Məsələyə toxunulubsa deməli bu sahədə hansısa boşluqlar görürsünüz…
- Ümumiyyətlə, siyasi mübarizədə qalib gəlmək istəyən lider və onun komandası özünüinkişafı bir dəqiqə olsun belə dayandırmamalıdır. “Mən partiya sədriyəm və mənə kimsə nəsə öyrədə bilməz..”, “…illərdir siyasi mübarizə içərisindəyəm, onun hər tərəfini gözəl bilirəm…”, “…burada mən, Bağdadda kor xəlifə…” və s. bu kimi düşüncələrə son qoyulmalıdır. 25 ilə yaxındır siyasi elitamızı araşdırırıq, fəaliyyətlərini yaxından izləyirik. Bu illər ərzində öz üzərində çalışaraq gözəl nəticələr əldə etmiş siyasi liderlər də var, 25 il əvvəl necə idilərsə indi də o səviyyədə qalan, hətta geri addımlayan siyasətçilərimiz də…
- Azərbaycanda dövlət qeydiyyatına alınan 58 siyasi partiya var. 10 milyondan bir az artıq əhalisi olan Azərbaycan üçün bu azdır ya çox?
- Əslində, ölkə əhalisinin sayının siyasi partiyaların sayı ilə birbaşa əlaqəsi yoxdur. Məsələn, 330 milyona yaxın əhalisi olan ABŞ-da 2 əsas partiya tanınsa da, 40-a yaxın siyasi partiya fəaliyyət göstərir. 17,5 milyon əhalisi olan Niderlandda isə lokal və regional partiyalar da daxil partiyaların sayı 100-ə yaxındır. Partiyaların sayına təsir edən başqa amil var və bu barədə hələ 1951-ci ildə fransız politoloqu Moris Düverje “Siyasi partiyalar” əsərində yazıb. Düverjenin müşahidələrinə görə, birmandatlı dairələr üzrə seçki keçirilirən, yəni, plüral seçki sistemi tətbiq olunan ölkələrdə böyük ehtimalla iki partiyalı sistem formalaşacaq. “Düverje qanunu” adlandırılan bu yanaşmanı tədqiqatçılar iki amillə əlaqələndirirlər – mexaniki və psixoloji. Məsələn, partiyanın parlamentdə təmsil olunması üçün heç olmasa bir neçə dairədə stabil çoxluğa malik olması vacibdir. Əgər partiyanın tərəfdarları bütün ölkə üzrə səpələnibsə və hər hansı dairədə çoxluq təşkil edə bilmirlərsə, o partiyanın parlamentdə təmsil olunma şansı olduğca azdır. Psixoloji nöqteyi-nəzərdən də, seçici şansı olmayan partiyanın nümayəndələrinə səslərini verməkdən çəkinirlər. Burada şüuraltı qalibin yanında olma istəyi öz sözünü deyir. Demək istədiyim odur ki, müasir alimlər tərəfindən ciddi qəbul olunan “Düverje qanunu”na görə, majoritar seçki sistemi tətbiq olunan Azərbaycanda 2 partiyalı sistem formalaşmalı idi. Partiyaların da sayı 58 deyil, 2 əsas partiya, 3-5 də yedək partiya olmaqla maksimum 5-8 olmalı idi.
- Əgər 58 siyasi partiya varsa bu o demək deyilmi ki, onlar ictimai sifarişdən irəli gələrək yaranıblar?
- Azərbaycanda siyasi partiyaların qeydiyyata alınma dinamikasına nəzər salsaq görərik ki, qeydiyyatda olan partiyaların əksəriyyəti, yəni otuz ikisi 1992-2000-ci illərdə, 16-sı – 2001 – 2010-cu illərdə, və, cəmi 10 partiya 2020 – 2021-ci illərdə dövlət qeydiyyatına alınıblar. 2012 – 2019-cu illər ərzində Azərbaycanda bir partiya belə qeydiyyata alınmayıb. Müstəqillikdən sonrakı illər üçün cəmiyyətin “partiya bumu” yaşaması normal idi, ölkənin daxili siyasi xəritəsi formalaşırdı, müxtəlif ideologiya və təmayülü olan partiyalar yaranırdı. Bu illər ərzində həmçinin bəzi partiyaların parçalanması nəticəsində bir neçə yeni partiyanın yaranması, və, əksinə, xırda partiyaların daha böyük partiyalara birləşməsi prosesləri də baş verdi. Diqqət yetirsək görərik ki, partiyaların parçalanması prosesi müstəqilliyin ilk 5-10 ili üçün aktual idisə, kiçik partiyaların böyük partiyalara birləşməsi prosesi sonrakı mərhələdə daha geniş vüsət aldı. Belə davam etsəydi, indi Azərbaycanın siyasi məkanında 58 deyil, daha az partiya öz mövcudluğunu qoruyub saxlaya biləcəkdir. Lakin, müəyyən bir kəsikdə bu proses müəyyən obyektiv və subyektiv səbəblərdən istiqamətini dəyişdi və bunun nəticəsində indiki halla üz-üzəyik – ölkədə rəsmi olaraq 58 siyasi partiya mövcud olsa da, onların böyük əksəriyyəti 1 sədr və ən yaxşı halda 10-15 qohum-üzvlərdən ibarətdir.
- Demək istəyirsiniz ki, əksər partiyalar fəaliyyət göstərmir?
- Bunu mən demirəm, bunu faktlar deyir. Rəhbərlik etdiyim Siyasi Texnologiyalar Mərkəzi 1 ay əvvəl geniş bir tədqiqata başlayıb. Bu tədqiqatın məqsədi ölkədəki siyasi partiyalar sisteminin hazırki durumunun araşdırılması və inkişaf perspektivləri barədə qısa və uzunmüddətli proqnozların hazırlanmasından ibarətdir. Hazırda açıq mənbələrdə olan dataların kontent-təhlili həyata keçirilir. Partiyaların əksəriyyətinin fəaliyyət göstərmədiyi barədə iddiam da şəxsi mülahizələrimə görə deyil, bu araşdırmanın ilkin nəticələrinə əsaslanır. Bilirsiniz ki, hər bir partiya illik maliyyə hesabatı təqdim etməlidir. Bu hesabatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir. 58 siyasi partiyadan 10-u 2021-ci il üçün ümumiyyətlə hesabat təqdim etməyib. 48 partiyadan 28-nin təqdim etdikləri hesabata görə, 2021-ci il üzrə onların dövriyyəsi 0 (sıfır) AZN təşkil edib. Yəni, partiya büdcəsinə nə mədaxil olub, nə də məxaric. Yerdə qalan 20 partiyadan 10-u parlamentdə təmsil olunduqlarına görə dövlətdən maliyyə dəstəyi alır. Onların mədaxil və məxaric maddələri tam olaraq göstərilir. Qalır 10 partiya, hansılar ki, xərclərini ödəməkdən ötrü kənardan maliyyə cəlb etdiklərini hesabatlarında göstəriblər. İlk baxışdan görünən odur ki, 58 partiyadan yalnız 20-si 2021-ci ildə fəaliyyət göstərib. Lakin, burada bir vacib məqamı nəzərə almaq lazımdır. Dövlətdən maliyyə yardımı almayan 10 partiyanın il ərzində xərclədiyi məbləğin orta göstəricisi 1490 AZN təşkil edir. Hesabatlara görə ən çox xərcləyən partiya 5085 AZN, ən az isə 200 AZN xərcləyib. İl ərzində 200 AZN dövriyyəsi olan partiyanı qoyuruq bir kənara, 5085 AZN-lə partiya ortaya nə iş qoya bilər? Elektoratı ətrafında necə saxlaya bilər? İctimai rəyə necə təsir edə bilər? Dövlətdən maliyyə dəstəyi alan partiyalara gəldikdə burada da maraqlı məqam üzə çıxır. İl ərzində 10 partiyadan ancaq 3-ü dövlət yardımından kənar maliyyə cəlb edə biliblər – 12 milyon, 115 və 75 AZN. Görünən odur ki, növbəti seçkiərdə bu partiyaların nümayəndələri parlamentdə təmsil olunmalasar onların da maliyyə durumları ürəkaçan olmayacaq. Maliyyə göstəricilərinə görə, geniş fəaliyyət göstərən yeganə partiya Yeni Azərbaycan Partiyasıdır. YAP-ın hazırda hakim partiya olduğundan onun maliyyə göstəricilərini xüsusi şərh etməyə ehtiyac duymuram…
- Sizin yanaşmanıza görə, maliyyə olmadan siyasi partiya fəaliyyət göstərə bilməz?
- Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində siyasi partiyaların fəaliyyət formaları öz əksini tapıb. Bu maddəyə görə, siyasi partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər: nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək, öz üzvlərinin siyasi fəallığına rəvac vermək, vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq, seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürmək, siyasi partiyanın ictimai məsələlər ilə bağlı rəylərini dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırmaq, nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək, siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək. Bu maddədə göstərilən hər bir fəaliyyət formasının arxasında komanda, intellekt işi durur. Bu işləri görmək üçün azı məkan, texnika tələb olunur. Maliyyə hesabatlarına görə, bu işləri görə biləcək partiyaların sayı olduğca azdır. Başqa bir məqama da toxunaq. Yenə də, Qanuna görə, siyasi partiyanın qeydiyyatı üçün azı 1000 nəfər üzvü olmalıdır. Yəni, nəzəri nöqteyi nəzərdən qeydiyyatdan keçən hər bir partiyanın azı 1000 nəfər üzvü var. Əgər bu üzvlər həqiqətən mövcuddurlarsa və partiyaya əqidələrinə görə üzv olublarsa, çox demirəm, ayda 1 AZN üzvlük haqqı ödəməzlərmi? Bu ödəniş partiya üçün illik 12000 AZN mədaxil deməkdir… Hesabatlara əsaslansaq 58 siyasi partiyadan 2 və ya 3-ünün gəlirlər maddəsində üzvlük haqları qeyd edilib… Qeyd edim ki, hazırda ölkə üzrə sosioloji sorğu keçiririk və gələn ay əhalinin siyasi partiyaların fəaliyyətinə münasibəti, siyasi partiya və onların liderlərinin cəmiyyətdə tanınması səviyyəsi və reytinqləri, partiyaların ictimai rəyə təsir səviyyəsi və s. bu kimi məsələlərə cavab ala biləcəyik.
- 3 ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə ölkədə siyasi partiyalarla iş məzmun və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi partiya rəhbərləri yüksək səviyyədə qəbul olunur, müzakirələrdə iştirak edir, onlara fəaliyyət göstərmələri üçün ofislər ayrılır. Ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Bu prosesi bir mütəxəssis kimi necə qiymətləndirirsiniz?
- Belə bir təşəbbüsü ancaq alqışlamaq olar. Uzun illərdir ölkədə hakim partiyadan, onun xəttindən fərqli xətt yürüdən, fərqli fikir səsləndirən partiyalara mənfi münasibət formalaşdırılırdı. Bu təşəbbüslə hakimiyyət buna son qoyur. Cəmiyyət müxalif mövqeli və fərqli ideologiyası olan partiyaların da Prezident Administrasiyasına, və, administrasiyanın təşkil etdiyi müxtəlif tədbirlərə dəvət olunduğunu görür. Ölkədə vətəndaş sülhünün möhkəmlənməsi baxımdan bu olduğca əhəmiyyətli addımdır. Həmçinin, siyasi dialoqun olmaması uzun müddət ölkəmizə xaricdən edilən hücumların da əsas mövzularından biri idi. Artıq, belə bir “bəhanə” də yox edilmək üzrədir. Azərbaycanda daxili siyasi mühitin sağlamşaşdırılmasına ehtiyac var idi və bu proses artıq başlayıb. Lakin prosesin daha səmərəli, cəmiyyət və dövlət üçün xeyirli olması üçün müəyyən məsələlər mütləq nəzərə alınmalıdır. Məsələn, partiyaların kəmiyyət yox, keyfiyyət göstəricilərinə fikir verilməlidir. Siyasi partiyaların maddi-texniki bazalarının möhkəmləndirilməsi üçün şərait yaradılmalıdır. Özü də, dövlət hesabına yox, məsələn, güzəştli kreditlərin ayrılması yolu ilə. Partiyaların dövlətdən maliyyə asılılığı olmamalıdır. Bu və başqa bu kimi məsələlər nəzərə alınarsa, ölkədə sağlam və sivil siyasi mübarizə meydanı formalaşar. Əminəm ki, cənab Prezident də yeni siyasi konfiqurasiyanın formalaşdırılması dedikdə bunları nəzərə almışdır.