21/04/2024

Vəli Əlibəyov: “11 sentyabrdan sonra terrorçuluqla mübarizə səmərəli olmadı”

4 min read

http://www.gun.az/interview/14402

15 Sentyabr 2011

Gün.Az-ın Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyovla müsahibəsi:

– 11 sentyabr terror aktının 10 illiyi ilə əlaqədar soruşmaq istərdim: həqiqətən ötən bu on il ərzində dünyada terrorçuluqla mübarizədə səmərəli koalisiya formalaşdırılıb yoxsa bu hadisələrdən böyük dövlətlər öz geosiyasi məqsədlərinə nail olmaq üçün faydalanırlar?

– Mən hesab edirəm ki, siz doğru qeyd etdiniz, 11 sentyabr hadisələrindən sonra terrorçuluqla mübarizə sərbəst şəkildə geosiyasi münasibətlər müstəvisinə istiqamətləndi və dünya ağalığı uğrunda siyasi mübarizə vasitəsinə çevrildi.

Bu mübarizənin səmərəlilik səviyyəsinə gəlincə, mən deməzdim ki, bu, səmərəli oldu. Əgər bu mübarizə bütün dünya ölkələrini öz ətrafında birləşdirə bilsəydi, yalnız o halda belə ola bilərdi. Bu, daha çox geosiyasi mübarizədə bir vasitə kimi istifadə olunduğu üçün ölkələri bir-birindən uzaqlaşdırdı və buna görə də, antiterror mübarizəsinin səmərəliliyindən danışmaq, fikrimcə, hələlik tezdir.

– Demək olarmı ki, bu il 11 sentyabr hücumunun təşkilatçısı və əl-Qaidənin lideri Usamə bin Ladenin məhv edilməsi dünya terror hərəkatını zəiflətdi?

– Deməzdim, nə qədər ki, dünya terrorçuluğu yalnız Usamə bin Ladenə doğru yönəlib, mən “1 nömrəli terrorçu”nun məhv edilməsi ilə dünya terrorçuluğunun zəiflədiyini irəli sürən danışıqları yanlış hesab edirəm. Terrorçuluğun öz kökləri, öz fəlsəfəsi var və bir çoxları çox gözəl bilir ki, böyük əksəriyyətlə terrorçuluq güclülərlə zəiflərin mübarizəsinə əsaslanır, dünyada ağalıq edən ikili standartlara söykənir.

– Vəziyyət dəyişə bilərmi və buna necə nail olmaq mümkündür?

– Bu baxımdan mən düşünürəm ki, dünyanın güc mərkəzlərinə məhz terrorçuluğun əsaslandığı fəlsəfəni öyrənmək vacibdir.

Bin Ladenin məhv edilməsini dünya terrorizmi ilə mübarizədə dönüş nöqtəsi hesab etmək olmaz. Əlbəttə, bu hadisə əhəmiyyətli rol oynayıb, lakin terrorizm fəlsəfəsi hələ ki yaşayır və ərəb ölkələrində hətta ölümündən sonra belə, bin Ladeni özünün idealı sayan gənclər kifayət qədərdir. Məhz belə halları kökündən aradan qaldırmaq lazımdır.

– Azərbaycan 11 sentyabr terror hadisələrini pisləyən və beynəl­xalq antiterror koalisiyasına daxil olan ilk ölkələrdən biridir. Bugünkü gün­də ölkəmizin bu koalisiyadakı fəaliyyətini necə qiymətlən­dirir­si­niz?

Azərbaycan hər zaman, müstəqilliyinin 20 illiyi ərzində təkcə Cənubi Qafqazın yox, yaxın bölgələrin sülh və təhlükəsizlik maraqlarına cavab verən beynəlxalq layihələrdə fəal şəkildə iştirak etməyə çalışır. Bu nöqteyi-nəzərdən, Azərbaycan İraqdakı sülhyaratma əməliyyatlarında iştirak edib, indi də Əfqanıstanda bu fəaliyyətlə məşğuldur.

Azərbaycan son illər ərzində Ermənistan tərəfindən terrorizmin birbaşa hədəfinə çevrilən bir ölkədir. Bu nöqteyi-nəzərdən, Azərbaycanın Əfqanıstanda terrorizmlə mübarizə aparılması ilə bağlı ABŞ-ın, digər ölkələrin və sülhü dəstəkləyən bir çox beynəlxalq təşkilatların mövqeyini birmənalı şəkildə dəstəkləməsi tamamilə qanunauyğundur.

– Lakin razılaşın ki, belə dəstək, göründüyü kimi cavabsız qalıb – ABŞ hələ indiyə qədər erməni terroru ilə mübarizə aparmaq üçün Azərbaycana kömək etməyə tələsmir. Bu bizim qlobal təhlükəsizliklə bağlı Amerika siyasətini dəstəkləmək mövqeyimizə yenidən baxmağı­mız üçün əsas vermirmi?

– Doğrudur, Azərbaycanın bölgədə ABŞ-a münasibətdə müttəfiqlik mövqeyi tutmasına baxmayaraq, bu bizə torpaqlarımızı zəbt edən işğalçı ilə mübarizədə kömək olmadı. Lakin, istənilən halda belə, rəsmi Bakının mövqeyi doğrudur. Azərbaycan heç nəyə baxmayaraq, beynəlxalq terrorizmlə mübarizə aparan ölkələrin sırasına qoşulmaqdan çəkinməyib. Və düşünürəm ki, Azərbaycan gələcəkdə də bu istiqamətdəki fəaliyyətini davam etdirməlidir.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir