21/04/2024

Seçkiyə qatılmış bəzi namizədlər “PR” ustalarının xatirinə dəyiblər

5 min read

“PR məsələlərilə bağlı siyasətçilərdə yalnış təsəvvür formalaşıb”
Vəli Əlibəyli: “”Bu seçkilərdə yeni texnologiyaların tətbiqini gözləmirəm”

Dünən prezident seçkilərinin birinci – imzatoplama kampaniyası başa çatdı.
Namizədliyini irəli sürən və imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK)
təhvil verən iddialılar isə artıq qeydə alınmaq ümidilə təbliğat kampaniyası haqda
düşünməyə başlayıblar.
Sözsüz ki, istənilən seçkilərin ən maraqlı mərhələsi məhz təbliğat kampaniyası
çərçivəsində öz platformalarını seçicilərə açıqlamaq imkanı qazanırlar. Lakin dünya
inkişaf etdikcə, seçki texnologiyaları da yenilənir və daha təkmil formaya salınır. Və
seçkilərdə onları tətbiq etmək üçün peşəkar mütəxəssislərin xidmətinə ciddi ehtiyac
yaranır. Həmin işləri isə yalnız yüksək ixtisaslı PR mütəxəssisləri həyata keçirmək
imkanındadır. Lakin prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslər, ya onların
nümayəndələri, nədənsə, yerli peşəkarlara və PR şirkətlərinə o qədər etimadla
yanaşmır.
Bu səbəbdən də, seçki kampaniyası zamanı onların xidmətlərinə müraciət
etməyəcəklərini bildirirlər. Həm də əlavə edirlər ki, PR mütəxəssislərinin bildiklərindən
heç də az bilmirlər. Göründüyü kimi, siyasətçilər qeyd olunan mütəxəssislərin
fəaliyyətinə dair çox qəti fikirlər səsləndirirlər. Bu isə qarşı tərəfin münasibətini
öyrənmək zərurətini doğurur.
Siyasi Texnologiyalar Mərkəzinin (STM) rəhbəri Vəli Əlibəyli bununla bağlı
problemlərin kökünün məhz siyasi qüvvələrin PR-şirkətlərin fəaliyyəti və əhəmiyyəti
haqda yalnış təsəvvürlərində olduğunu düşünür: “Əslində, bəzi partiya təmsilçilərinin “pr
–menecerlərin bizə təklif edəcəyi məsələləri özümüz də pis bilmirik” məzmunlu
düşüncələri onların ciddi surətdə yanıldığını təsdiqləyir. Hansı sfera olursa-olsun, orada
peşəkarların məsləhətinə və birbaşa iştirakına ehtiyac var. Bunu nəzərə almaq praktik
fəaliyyətdə uğur qazanmağı, demək olar ki, mümükünsüz edir. Konkret siyasi mübarizə
və seçkilərdən danışdıqda, PR məsələlərinin nə dərəcədə vacib olduğu haqda geniş
danışmağa ehtiyac qalmır. Bilənlərin az-çox məlumatı var ki, pr məsələləri, sadəcə,
kiminsə xarici görünüşünü tənzimləmək və başqa adi işlərlə məhdudlaşmır. Burada
söhbət çox dəqiqliklə işlənmiş elmi metodologiya əsasında qurulan sistemli fəaliyyətdən
gedir. Bu fəaliyyətə çox geniş və kompleks məsələlər daxildir. Xüsusilə seçkilər zamanı
PR-şirkətlərin xidmətlərindən istifadə, inanın ki, namizədlərin çox xeyrinə olardı. Amma
təəssüf ki, Azərbaycanda siyasi mədəniyyət pr məsələlərinə önəm verilməsini
saxlayacaq qədər inkişaf etməyib və nəticədə bu fəaliyyət haqda olduqca qeyri-ciddi
fikirlər səsləndirilir. Bununla belə, düşünürəm ki, siyasi sistem tədricən təkmilləşdikcə,
dediyimiz məsələlərə yanaşmada da pozitiv dəyişikliklərin şahidi ola biləcəyik”.
V.Əlibəyli hesab edir ki, indiki prezident seçkilərində əksər namizədlərin pr haqda
yalnış fikirlər səsləndirilməsinə onların qələbə şansının azlığı da özünəməxsus təsir
göstərir: “Şübhəsiz ki, PR şirkətlərilə əməkdaşılıq hər hansı namizədə böyük məbləğdə
vəsait sərf etmək hesabına başa gəlir. Və mən şübhə etmirəm ki, siyasi qüvvələri, indiki
şəraitdə isə prezidentliyə namizədlərin əksəriyyətini pr mütəxəssislərilə əməkdaşlıqdan
çəkindirən əsas səbəb maliyyə ilə bağlıdır. Sözsüz ki, seçkilərə ən ciddi niyyətlərlə
qatılan namizəd qalib gəlmək üçün bütün risqləri, o cümlədən, maddi itkiləri əvvəldən
nəzərə almalıdır. Amma yenə də təssüf ki, hələlik Azərbaycanda belə bir ənənə mövcud
deyil. Mən namizədlərin seçilmək şansları haqda geniş danışmaq istəmədim. Bununla
belə, vurğulamalıyam ki, namizədliyini irəli sürmüş şəxslər arsında indiki dövlət başçısı

ilə eyni səviyyədə mübarizə aparmaq imkanında olan kimsə yoxudr. Onların özləri də
reallığı başa düşür və qalib gəlmək imkanlarının olmadığı seçkilərdə böyük pullar
xərcləməyə ehtiyac görmürlər. İndiki halda onların əsas məqsədi, seçkilərə qatılmaqla,
müəyyən siyasi dividentlər qazanmaqdır.”
STM rəhbəri bu fikirdədir ki, əksər namizədlərin seçki kampaniyasına böyük
həcmdə maliyyə sərf etməyəcəyi seçkilərdə yeniliklərdən danışmaq xeyli
çətinləşir: “İstənilən yeni seçki texnologiyasının tətbiqi pul tələb edir. Bizim
nazmiədlər isə böyük həcmdə vəsait xərcləmək haqda fikirləşmirlər. Bu şəraitdə,
təbii ki, hər hansı ciddi yeniliklərdən danışmağın yeri qalmır”.

Vüsal Hüseynli
Bakı Xəbər

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir