21/06/2024

“Heç vaxt özbaşına danışmayan bu adam müdafiə nazirini sərt şəkildə tənqid edirsə…” – ŞƏRH

3 min read

“Putinin özü hərbi rəhbərliyi birbaşa hədəfə ala bilməzdi və ona görə də bu “missiya”nı Kadırova həvalə etdi”.

Bu fikirləri Ukraynada yaşanan böyük uğursuzluqlara görə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini kəskin tənqid edən Çeçenistanın rəhbəri Ramzan Kadırovun Prezident Vladimir Putin tərəfindən general-polkovnik hərbi rütbəsi ilə mükafatlandırılmasının səbəblərinə toxunan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Kadırovun bu tip tənqidləri Rusiyanın Ukraynaya qarşı nəzərdə tutduğu “üçgünlük müharibə” planının boşa çıxmasından sonra yayılmağa başladı:

“Ondan başlayaq ki, Ramzan Kadırov özbaşına danışan və hərəkət edən biri deyil. Şübhəsiz, onun dilindən səslənən tənqid, hətta bir çox hallarda təhqirlərin arxasında
mütləq bir tapşırıq var. Kadırov da bunu icra edir.

Diqqət etmisinizsə, Kadırovun bu tip tənqidləri Rusiyanın Ukraynaya qarşı nəzərdə tutduğu “üçgünlük müharibə” planının boşa çıxmasından sonra yayılmağa başladı. Çünki Putinin təmtəraqla elan etdiyi o planın ifşasına görə kimlərsə “günah keçisi” elan olunmalı, bütün məsuliyyət onlara yönləndirilməli idi. İndiki halda o “günah keçisi” kimi əlbəttə ki Rusiyanın hərbi rəhbərliyi görülür.

Sözsüz ki, Putinin özü hərbi rəhbərliyi birbaşa hədəfə ala bilməzdi və ona görə də bu “missiya”nı Kadırova həvalə etdi. O da bunun öhdəsindən gəlməyə çalışır və haradasa buna nail olur, nəticədə də Putin tərəfindən mükafatlandırılır.

Eyni zamanda, burada Rusiya hərbi rəhbərliyinin tənqid olunduğu fonda cəmiyyət üçün generalitetin səhvlərini çəkinmədən açıq deyən bir “qəhrəman” da hazırlanmalıdır. Kadırovdan başqa, Simonyan da son günlər ad çəkmədən hərbi rəhbərliyi tənqid edərək aparılan səfərbərliyin ölkədə vətəndaş müharibəsinə səbəb olacağını dedi.

Yəni bu xətti aparmağa çalışacaqlar. Cəmiyyəti inandırmaq istəyəcəklər ki, bu uğursuluqlara görə Rusiyanın başında olan şəxsdən başqa hamı günahkardır”.

A.Zeynalov

“Heç vaxt özbaşına danışmayan bu adam müdafiə nazirini sərt şəkildə tənqid edirsə…” – ŞƏRH – Yenicag.Az

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir