21/06/2024

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir – RƏY

4 min read

Bakı, 28 mart, AZƏRTAC

Məlum olduğu kimi, Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun sabiq Baş katibi Anders Foq Rasmussen tərəfindən Azərbaycanla bağlı hazırlanmış qərəzli hesabat bu yaxınlarda ictimaiyyətə açıqlanıb. “Ermənistanın dostları” şəbəkəsinin hazırladıqları hesabata bənzər sənədlər əvvəllər də olub və bu proses davamlı olacaq. Şəbəkənin adından da göründüyü kimi, buraya toplaşanlar Ermənistana dost münasibəti bəsləyən şəxslərdir və onlar obyektiv, real situasiyanı özündə əks etdirən, İrəvanın maraqlarına zidd olan hesabat hazırlaya da bilməzdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, beynəlxalq əlaqələr üzrə ekspert Vəli Əlibəyov deyib.

V.Əlibəyov hesabatda diqqət çəkən bəzi məqamların olduğunu diqqətə çatdıraraq deyib: “İlk olaraq hesabatın təhlili onu deməyə əsas verir ki, 2023-cü ildə yaradılan “Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Avropa İttifaqının maraqlarını həyata keçirməkdən ibarətdir. Hesabatda bu barədə fikir açıq şəkildə bildirilir və bu maraqların həyata keçirilməsi üçün Ermənistandan istifadə edilməsinin vacibliyi vurğulanır. Niyə məhz Ermənistan? Çünki regionun ən zəif dövləti məhz Ermənistandır və onunla manipulyasiya etmək olduqca rahatdır.

İkincisi, hesabatdakı müddəalar sadə Ermənistan vətəndaşı üçün nə qədər xoş səslənsə də, ekspertlər başa düşürlər ki, bu müddəalar, əslində, İrəvanı Rusiya ilə üz-üzə qoymağa, regionda sabitliyi pozmağa yönələn planın tərkib hissəsidir. Yəni, Aİ Ermənistanı Rusiyaya qarşı daha sərt addımlar atmağa həvəsləndirməklə rəsmi Moskvanı öz maraqlarını qorumaq üçün adekvat hərəkətlərə sövq edir. Göründüyü kimi, burada da Ermənistan və onun vətəndaşlarının deyil, Aİ-nin maraqları üstün tutulur. Çünki Rusiya sərt addımlar atdığı təqdirdə, Aİ və Qərbin Ermənistana dəstəyi bəyanatlarla kifayətlənəcək”.

Hesabatda rəsmi Bakının haqlı narazılığına səbəb olan qeyri-obyektiv qiymətləndirmələrin də yer aldığını bildirən politoloq əlavə edib: “Burada bir neçə məqsəd özünü büruzə verir. Birincisi, Ermənistanla Azərbaycan arasında gözlənilən sülh müqaviləsinin qarşısını almağa çalışırlar. “Ermənistanın dostları” şəbəkəsi adından səslənən fikirlərin birbaşa Ermənistandan qaynaqlandığı təsəvvürü yaradılır ki, bu da danışıqlarda qeyri-səmimi mühit formalaşdırır. İkincisi, Aİ başa düşür ki, regionun açar dövləti Azərbaycandır və regionda möhkəmlənmək üçün onunla razılaşmaqdan başqa yol yoxdur. Bu kimi hesabatlar vasitəsilə onlar Azərbaycana təzyiq göstərmək və ölkəmizi öz şərtlərinə uyğun danışıqlara cəlb etmək istəyirlər. Həmçinin Azərbaycana qarşı belə həmlələr Avropa İttifaqına Ermənistanda xal qazandırır və İrəvanı daha “sözəbaxan” edir. “Ermənistanın dostları” şəbəkəsinin hesabatına imza atanların kimliyini araşdıran zaman diqqəti çəkən məqam ondan ibarətdir ki, onlardan bəziləri əvvəllər də bu ölkə ilə müxtəlif dostluq qruplarında yer alsalar da, ideya baxımından qatı olaraq Avropa İttifaqının tərəfdarıdırlar. Yəni, seçim etməli olsalar, onlar Aİ ideyaları naminə Ermənistan maraqlarından asanlıqla imtina edə bilərlər. Elə hazırlanan hesabat da buna misaldır”.

Ekspert rəsmi Bakının hesabata mövqeyini birmənalı olaraq bildirdiyini qeyd edərək, bu kimi hesabatlara qarşı sərt bəyanatlar verməklə işimizin bitmiş hesab edilməməli olduğunu diqqətə çatdıraraq bildirib: “Biz belə hesabatların yaranmasının qarşısını almağa, əsasən də alternativ hesabatların hazırlanmasına fokuslanmalıyıq. İnformasiya mübadiləsinin sürətləndiyi bir dövrdə beynəlxalq münasibətlərdə kommunikasiya olduqca vacib əhəmiyyət daşıyır. Bizim böyük Qələbəmizi həzm edə bilməyən dövlətlər var və onlarla mübarizədə biz daha fəal, daha dinamik kommunikasiya fəaliyyəti həyata keçirməliyik”.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir