27/05/2024

İranın koordinasiya və PR FƏLAKƏTİ: “Terror hücumuna fərqli don geydirmək üçün…” – ŞƏRH

3 min read

“Rejim rəsmiləri terrorçunu televiziya kanalına çıxararaq, kommunikasiya planında “uğurlu gediş” etdiklərini düşünürlər”.

Bu fikirləri İranın fars-molla rejiminin Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı təqdimatına münasibət bildirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda rəsmi fəaliyyətin əlaqələndirilməsi və kommunikasiya baxımından vəziyyət bərbaddır:

“İran tərəfinin Azərbaycan səfirliyinə hücumla bağlı verdiyi “əsaslandırma” Tehran rejiminin informasiya ilə işləmək bacarıqsızlığını bir daha təsdiqlədi. Ümumiyyətlə rəsmi fəaliyyətin əlaqələndirilməsi və kommunikasiya baxımından deyə bilərik ki, bu ölkədə vəziyyət bərbaddır. İranda təlimlər zamanı öz təyyarələrini vurmaları və hadisəni ictimaiyyətə təqdim etməkdə nə qədər çətinlik çəkdiklərini, sonda absurd bir səbəb göstərdiklərini xatırlatmaq kifayətdir.

Fars-molla rejimi Azərbaycan səfirliyinə edilən terror aktını pərdələmək və hücuma fərqli don geydirmək üçün yenə də çox boş, əsassız bir varianta əl ataraq, hadisəni məişət səviyyəsinə endirməyə çalışır. Bu zaman heç olmasa, səfirliyin ətrafında kamera müşahidəsi aparıldığını da nəzərə almayıblar.

O kadrlardan da aydın görünür ki, səfirliyin çölündəki polis əməkdaşı hücumun qarşısını ala bilərdi. Bunu bacarmasa da, ən azı hücum zamanı zəng edə və ya həyəcan siqnalı verə bilərdi. Ancaq həmin polis terrorçuya hansısa işarə də verir. Bu da onu göstərir ki, Azərbaycan səfirliyinə edilən hücum əvvəldən hazırlanmış plan əsasında keçirilib.

İran hakimiyyəti isə terrorçunu televiziya kanalına çıxararaq, kommunikasiya planında “uğurlu gediş” etdiklərini düşünürlər. Əslində isə bu, çox uğursuz bir addım idi. Çünki dövlətlərarası münasibətlərdə konkret bir şəxsin, yaxud da qruplaşmanın maraqları güdülə bilməz. Ola bilər ki, bu hücumun arxasında İran hakimiyyəti yox, ölkədəki hansısa qruplaşma dayanır. İran rejimi dövlətlərarası münasibətləri əsas götürərək, o qruplaşmanı bada verməyə hazır olmalı idi. Ancaq bunun şahidi olmadıq. Bu isə ondan xəbər verir ki, terror hücumu İranın müəyyən rəsmi şəxslərinin, hətta mümkündür ki, bütövlükdə hakimiyyətin sifarişi əsasında təşkil olunub”.

A.Zeynalov

https://yenicag.az/?p=511241

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir